Ukrayna-Rusiya sərhədində döyüş: 40 ölü

Ukrayna-Rusiya sərhədi yaxınlığında Ukrayna ordu hissələri ilə separatçılar arasındakı döyüşdə qanunsuz silahlı dəstələrin 40 üzvü öldürülüb.

 

APA TV-nin xəbəbrinə görə, Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Snejnoye yaşayış məntəqəsinin cənubundakı yolda Ukrayna hərbi helikopterləri Rusiya ərazisindən daxil olan avtomobil karvanına zərbələr endirib: “Helikopterlərin zərbələrindən sonra əraziyə hava desantı endirilib və düşmənin darmadağın olunması başa çatdırılıb. Terrorçular 12 avtomobil və 40-dan çox adam itiriblər”.

 

Bundan başqa, Ukrayna hərbçiləri Donetsk vilayətinin Rusiya sərhədi yaxınlığında yerləşən Stepanovka yaşayış məntəqəsi ətrafında separatçı-terrorçu qruplaşmaya aid 2 tank, 2 “BTR” və üzərində iriçaplı pulemyot quraşdırılmış 2 KAMAZ avtomobilini məhv ediblər.

 

İrimiqyaslı əməliyyat Ukrayna-Rusiya sərhədinin nəzarətsiz qalmış istiqamətlərini bağlamaq məqsədilə keçirilir. Ukrayna daxil işlər nazirinin müşaviri Anton Geraşşenko şənbə gününə qədər sərhədin nəzarətə götürüləcəyini bəyan edib: "Məqsəd sərhəd xəttinin terrorçuların arasıkəsilməz hücumları nəticəsində açıq qalmış hissəsini bağlamaqdır. Hesab edirəm ki, dövlət sərhədi sabaha qədər tam bağlanacaq. Bütün yollar hərbi texnika tərəfindən atəş altında saxlanılacaq, Ukrayna ərazisinə soxulmağa cəhd göstərən silahlılar məhv ediləcək”.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı