TÜRK PA-nın 5-ci iclasında "Bakı bəyannaməsi" qəbul edildi

Türkdilli ölkələrin Parlament Assambleyasının 5-ci plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, iclasda çıxış edən Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, assambleya fəaliyyət göstərdiyi ötən 5 il ərzində dünyanın nüfuzlu təşkilatlarından birinə çevrilib. Azərbaycanın müstəqillik əldə etdiyi 23 il ərzində keçdiyi böyük inkişaf yolundan danışan Milli Məclisin sədri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini vurğulayıb.

 

"Biz əminik ki, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri əsasında nizamam salınması digər münaqişə ocaqlarının da aradan qaldırılmasına kömək göstərə bilər".

 

Qırğızıstan Parlamentinin sədri Asilbek Jeenbekov isə bildirib ki, quruma daxil olan dövlətlərin bütün məsələlərdə bir yerdə olması və birgə addımlar atması gözəl nəticələr verir və gələcəkdə də daha gözəl nəticələrin əldə edilməsinə yol açır. Qazaxıstan parlamentinin sədri Kabibullah Djakukov isə bildirib ki, bu gün dünyada davam edən iqtisadi böhran, o cümlədən ekoloji problemlər də assambleyanın diqqətində, gündəmində saxlanmalıdır. "Türk PA olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün sərt mövqe tutmalıyıq" deyən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bildirib ki, Qafqazda daimi sülhün təmin edilməsi yalnız işğala son qoyulması və 1 milyondan çox insanın evlərinə dönüşü ilə mümkün ola bilər.


"Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu məsələdə Azərbaycan olan dəstəyimiz tamdır. Türkiyə Azərbaycanın qardaşı və Minsk qrupuna daxil olan bir dövlət olaraq problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həlli üçün öz mübarizə aparacaq. İştirak etdiyim hər beynəlxalq iclaslarda, hər çıxışımda bu məsələni qüvvətlə vurğulayırıq. Çünki, bu problem eyni zamanda bizim problemimizdir".

 

Tədbirin davamında Macarıstana qurumda müşahidəçi statusu verilib. İclasının yekunu olaraq "Bakı bəyannamə"si qəbul edilib. Bəyannamədə assambleya Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində siyasi həllinə tərəfdar olduğunu bəyan edib. 

Müəllif | Apa.Tv