İŞİD hədələdi: Hər gün 1 türk sürücü öldürüləcək

İraqın paytaxtına doğru hücumlarını davam etdirən İŞİD terrorçularının Bağdada çatmağına 50 km qalıb. "Yeni Şafak"ın xəbərinə görə, hazırda döyüşlər Diyala əyalətinin Bakuba şəhəri yaxınlığında gedir. Sünni əhalinin üstünlük təçkuil etdiyi Bakubada şiələr və kürdlər də yaşayır. Bu şəhər İran sərhədinin 93 kilometrliyində yerləşir. "Əl-Cəzirə"nin xəbərinə görə, İŞİD-in əlinə keçən Celula və Saidiyyə bölgələrindən insanlar İran sərhədinə doğru qaçır.

NBC-dən Riçard Engel isə bağdadlıların 100 dollar ödəyərək qaçmağa başladığını bildirib.

APA TV-nin xəbərinə görə, İran prezidenti Həsən Ruhani İraqın baş naziri Nuri El-Malikiyə zəng vuraraq, İraq xalqının və dövlətinin yanında olduqlarını bildirib.

Bu arada Səddam Hüseynin qızının Mosula gələcəyi xəbəri yayılıb.  İŞİD İordaniyada yaşayan Reghat Hüseynin Mosula gəlməsi üçün təhlükəsiz dəhliz hazırladığı bildirilir. Bundan başqa, İŞİD Amerika və İran ordularının İraqa köməyə gəlməsi ehtimalına qarşı Mosulda şəhəriçi döyüşlərə hazırlaşır.

İŞİD rejimi ABŞ-ın yıxdığı Bəəs rejiminin silahlıları ilə ittifaq yaradıb. Həmin qruplaşmanın rəhbərlərindən biri Səddam Hüseynin müavini İzzət İbrahim əl-Duri də var. İraq işğal olunanda əl-Duri Bəəs rejiminin üzvü olmuşdu. Bəəs"in İraqda sünni dövlət qurmaq fikri var.

İŞİD-in girov götürülən türkiyəli hər bir TIR sürücüsü üçün 5 milyon dollar istədiyi iddiası yayılıb. Xəbərə görə, məbləğ ödənilməsə, 32 sürücüdən hər gün biri öldürüləcək.

Bu arada İŞİD şəriət dövlətinə çevirmək istədiyi ölkələrin adını açıqlayıb. Siyahıda Azərbaycan və Türkiyə də var. Bununla bağlı terrorçu qrupun "twitter" səhifəsində xəbər yayılıb və xəritə yerləşdirilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı