62 yaşlı Saatlı sakini: "Qarpız-yemiş toxumu əkdim, narkotik çıxdı"

62 yaşlı Saatlı rayon sakini Malik Seyfullayevin evindən və həyətindən külli miqdarda çətənə kolu və qurudulmuş marixuana aşkar edilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Saatlı rayon Polis Şöbəsinin birgə keçirdikləri əməliyyat zamanı rayonun Soltanabad kənd sakini Malik Seyfullayev şübhəli şəxs qismində saxlanılıb. Onun evinə baxış keçirilən zaman orada 450 qram qurudulmuş marixuana aşkar edilib. Həmçinin həyətyanı sahəsində olan əkin yerindən 95 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

"Mən İranda müalicəyə getmişdim. Həkim dedi ki, narkotik vasitələrdən istifadə et. İran həkimləri Təbrizdə bu sözü mənə deyəndən sonra dedim ki, bunu əkim, çıxar-çıxar, çıxmaz-çıxmaz. Əkdim, hamısı da çıxdı. Ürəyim nə əməliyyatlıqdır, nə də anjio qoymaq mümkündür. Ancaq dərmanla yaşamamalıyam. Mən onun bir ağacının nə qədər verməyini bilmirəm. Birinci dəfədir. Əkəndə qarpız-yemiş kimi əkmişdim, çıxanda gördüm ki, bu belə çıxır".

Saatlı RPŞ-dən fakta münasibət bildirən istintaq bölməsinin müstəntiqi Əvəzağa Məmmədov saxlanılan şəxs barəsində cinayət işinin başlandığını deyib.

"Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən Malik Seyfullayev barəsində cinayət işi başlanılaraq istintaq aparılır. Onun barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qəti imkan tədbiri seçilib".

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı