Avropa Komissiyasının sədri prezident İlham Əliyevlə təkbətək görüşüb
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycanda səfərdədir. Prezident İlham Əliyevlə görüşdən əvvəl Azərbaycanın dövlət başçısı və Joze Manuel Barrozu rəsmi foto çəkdiriblər. APA TV-nin məlumatına görə, qarşılanmadan sonra prezident İlham Əliyev və Azərbaycanda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Avropa Birliyi arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Joze Manuel Barrozunun səfərinin Azərbaycan-Avropa Birliyi münasibətləri baxımından önəmi qeyd edilib. Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Daha sonra prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.