Joze Manuel Barrozu: “Ümidvaram ki, Azərbaycanla saziş imzalaya biləcəyik”

“Prezident İlham Əliyevlə çox uğurlu görüş keçirdik, vacib qərarlar qəbul etdik. Onlardan biri Avropa Birliyi və Azərbaycan arasında yeni sazişin yekunlaşması prosesini tezləşdirməkdir. Bu, “Strateji müasirləşdirmə tərəfdaşlığı” barədə razılaşmadır”. Bu fikirləri Bakıda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barozzu deyib. O, bu sənədin Azərbaycan və Avropa Birliyi üçün çox mühüm saziş olduğunu bildirib.

“Biz artıq enerji sahəsində vacib əməkdaşlıq edirik, üç il əvvəl prezident İlham Əliyevlə birgə Cənub Qaz Dəhlizi layihəsi üzrə işə başlamışıq. Bu, yalnız siyasi deyil, enerji təhlükəsizliyi baxımından da çox vacib layihədir. Biz, həmçinin bu gün şahidi oluruq ki, bütün Avropa proqramları Azərbaycan üçün açıqdır. Bu isə öz növbəsində əldə edilmiş razılaşmaların nəticəsidir. Təhsil, səhiyyə və digər sahələrdə layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

Barrozu qeyd edib ki, Azərbaycanla AB arasında birgə işlənilə biləcək çox sahə var.

“Avropa Birliyi Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır, Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi Avropa Birliyinin üzərinə düşür. Azərbaycanla əməkdaşlığımız təkcə enerji sektorunu deyil, bir çox digər sahəni də əhatə edir”.

Onun sözlərinə görə, Azərbaycan həm də qlobal siyasi dialoqda çox konstruktiv rol oynayır: SİTAT “Azərbaycanın digər Avropa Birliyi ölkələri ilə əməkdaşlığı genişlənir və biz bunu alqışlayırıq. Ümid edirəm ki, tərəflər yeni sənəd üzərində işi yaxın vaxtlarda başa çatdıracaq və mən İlham Əliyevi Brüsseldə qarşılaya biləcəyəm, mühüm razılaşmanı imzalaya biləcəyik”.

Bakıda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ADA universitetinin tələbə və müəllimləri ilə görüşüb.

Diplomat bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrini əhatə edir: "Ümid edirəm ki, əməkdaşlıq daha da genişlənəcək, daha çox sahələri əhatə edəcək və inkişaf edəcək”.

Müəllif | Apa.Tv
Apa.tv