Uruqvay millisindən şok məğlubiyyət
Kosta-Rika yığması Braziliyadakı dünya çempionatında Uruqvay millisinə qalib gəlib. Qarşılaşma kosta-rikalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı Uruqvay millisi açıb. 24-cü dəqiqədə Edinson Kavani penaltidən vurduğu qolla komandasını hesabda irəli çıxarıb. Birinci hissə uruqvaylıların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissədə isə azarkeşlər tamam fərqli futbola şahidlik ediblər. 54-cü dəqiqədə Kosta-Rika millisinin oyunçusu Joel Kempbell hesabı bərabərləşdirib. Cəmi üç dəqiqə sonra Azərbaycan azarkeşlərinin yaxşı tanıdığı Fernando Muslera qapısında daha bir qol görüb. Oskar Duarte Kosta-Rika yığmasını hesabda irəli çıxarıb. Bu da son olmayıb. 84-cü dəqiqəcə Markos Urenya Kosta-Rika millisinin üçüncü qolunu vurub: Kosta-Rika 3 - Uruqvay 1.
Uruqvaylı futbolçu Maksi Pereyra oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə qırmızı kartla meydandan qovuldu.
Qeyd edək ki, bu, Uruqvay millisinin Kosta-Rika yığması qarşısında ilk məğlubiyyəti idi. Qarşılaşmanın favoriti ötən dünya çempionatının bürünc mükafatçısı uruqvaylılar sayılırdı. Komandalar son oyunadək 8 dəfə qarşılaşmışdılar. Uruqvay 6 dəfə qələbə qazanmış, 2 dəfə isə heç-heçə qeydə alınmışdı.