Gürcüstanın iki şəhərini ilk dəfə azərbaycanlılar idarə edə bilər
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər başlayıb. APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, ölkə boyu ümumilikdə 84 seçki dairəsi, 3617 məntəqə və 20 xüsusi məntəqə təşkil olunub. Gürcü vətəndaşları şəhər şurasının üzvlərini, 59 yerli administrasiya rəhbərlərini və özünü idarə edən 12 şəhər merini seçəcəklər. Gürcüstan tarixində ilk dəfə birbaşa yolla nəinki Tbilisinin, o cümlədən Rustavi, Kutaisi, Batumu, Qori, Poti, Zuqdidi, Ozurqeti, Televi, Axaltsixe, Ambrolauri və Mtsxeta şəhərləri öz merini seçəcək. 4 blok və 20 partiyadan şəxslər yerli seçkilərə namizədliklərini irəli sürüblər. Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda 2 azərbaycanlının namizədliyi təsdiq edilib. Hazırda ərazidə ən nüfuzlu namizəd "Vahid Milli Hərəkat" Partiyasından Əhməd İmanquliyevdir. Onun əsas rəqibinin isə Nino Burcanadzenin partiyasından namizədliyini irəli sürmüş Rəşid Məmmədovun olacağı gözlənilir. Beləliklə, Gürcüstanın dövlət müstəqilliyi əldə etdiyi vaxtdan bəri ilk dəfə Marneulini azərbaycanlı idarə edə bilər. Azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda isə "Gürcüstan vətənpərvərləri və güclü veteranları siyasi hərəkatı"ndan azərbaycanlı Telman Həsənovun namizədliyi irəli sürülüb.