İŞİD 400 min türkmənin yaşadığı Telaferi ələ keçirdi!
İŞİD terror təşkilatı 400 min türkmənin yaşadığı Telafer qəsəbəsinə ağır artilleriyalardan zərbələr endirib. Telaferə girmək istəyən İŞİD silahlıları ilə 6 min türkmən könüllüsü və hökumət qüvvələri arasında bir sutkadan artıq döyüş gedib. Səhər saatlarında Telaferin tam şəkildə İŞİD terrorçularının nəzarətinə keçdiyi barədə xəbərlər yayılıb. Bölgədəki mənbələr İŞİD-in Telaferin Qala məhələsində yerləşən tarixi Türk qalasını ələ keçirdiyini bildirirlər. İŞİD-in Telaferə girməsi ilə minlərlə türkmən qəsəbəni tərk edərək Sincar bölgəsinə köç etməyə başlayıb. İraq dövlət televiziyası Telaferdə İŞİD mövqelərinə havadan zərbələr endirildiyini, nəticədə 35 terrorçunun öldürüldüyünü bildirir. Anadolu Agentliyi İŞİD-in Telaferə girdiyi barədə xəbər yayıb, Frans-Press agentliyi isə hər iki tərəfin ciddi itkilər verdiyini bildirir. Amma ölənlərin sayı ilə bağlı rəqəmlər açıqlanmır. Reuters agentliyi isə Telaferin İŞİD-in nəzarətinə keçdiyini son dəqiqə xəbəri ilə çatdırıb. Terrorçular Telaferin su təchizat sistemini sıradan çıxarıblar. Qəsəbənin elektrik enerjisi ilə təminatında ciddi problemlər yaranıb. Yerli mənbələr İŞİD-in Telaferdə soyqırımı törətməyə hazırlaşdığını bildirir. Qeyd edək ki, türkmən şəhəri Telaferdə yaşayan əhalinin böyük əksəriyyəti şiələrdir.
İraq aviasiyası İŞİD-in nəzarətində olan Mosul şəhərinə də havadan fasiləsiz zərbələr endirir. Türkiyənin Mosuldakı Baş Konsulluğunun əməkdaşları və türk sürücülər hələ də terrorçuların əlindədir. Türkiyə bölgədəki aşirət rəhbərləri vasitəsilə İŞİD-lə dialoqa girib, girovların sərbəst buraxılması barədə danışıqlara başlasa da, hələlik bir nəticə yoxdur.