Şəmkirdə dəşhətli qəza: 5 nəfər ölüb, xeyli yaralı var

Şəmkir rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 375-ci kilometrliyində "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobus toqquşub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Opel” markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

APA TV-nin yerli bürosunun məlumatına görə isə qəzada 5 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.

Qəza zamanı Ağstafa rayon sakini, 2006-cı il təvəllüdlü Dərzi Dərziyev, Gürcüstan vətəndaşları - 1984-cü il təvəllüdlü  Fəqanə Quliyeva, 1948-ci il təvəllüdlü Rahilə Əsgərova və şəxsiyyəti hələlik məlum olmayan daha 2 nəfər hadisə yerində ölüb.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan Gürcüstan vətəndaşı, 26 yaşlı Fuad Məmmədov, Qusar sakini, 19 yaşlı Rəşad Həsrətov, Ağstafa sakini, 29 yaşlı Rövşən Quliyev, Ağstafa sakini, 28 yaşlı Afaq Dərziyeva, Gürcüstan vətəndaşı, 30 yaşlı Mübariz Balacayev, Gürcüstan vətəndaşı, 36 yaşlı Natiq Əliyev, Gürcüstan vətəndaşı, 24 yaşlı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, Gədəbəy sakini, 50 yaşlı Qaçay Yusifov, Bakı sakini, 28 yaşlı Anar Rəhimov xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, A.Rəhimov Tovuz rayonunda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli