Azərbaycan prezidenti Yunanıstana dövlət səfəri edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 15-də Yunanıstana dövlət səfəri edib. APA TV-nın məlumatına görə, Prezident İlham Əliyevi Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Azərbaycan prezidenti İlham Əliyev Yunanıstana dövlət səfəri çərçivəsində xanımı Mehriban Əliyeva ilə birlikdə Afina Akropolunda olub. Burada prezident İlham Əliyevə Akropolun tarixi haqqında məlumat verərək bildirilib ki, Akrapol Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada yerləşir, dünya tarixinin və mədəniyyətinin şah əsərləri sırasında yer alır. Akropol 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngindir. Bura qədim Afinanın həm dövlət, həm də dini mərkəzi sayılıb.
Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılıb, tikintiyə minlərlə insan cəlb edilib. Burda dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də yerləşir. Həmçinin şəhərin hamisi ilahə Afinanın şərəfinə ucaldılmış Parfenon məbədi, Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora da bu ərazidədir.
Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub. Burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşüb.
Mehriban Əliyevaya Asossasiyada “ELPİDA” mükafatı təqdim edilib.