Azərbaycanlı namizəd: "Gürcüstan iqtidarı azərbaycanlılara qarşı hörmətsizlik etdi"

Gürcüstanda baş tutmuş yerli özünüidarəetmə orqanlarına seçkilərdə hakim "Gürcü arzusu" partiyası Marneulidə Merab Topşişvilinin namizədliyini geri çəksə də, səsvermə bülletenində onun adı yer alıb. Bu səbəbdən də Mərkəzi Seçki Komissiyası səsvermənin ilkin nəticəsinə əsasən, onun 52,48 faiz səs toplayaraq birinci yerə çıxdığını deyir. Bölgədə ən nüfuzlu namizəd "Vahid Milli Hərəkat" Partiyasından namizədliyi irəli sürülən Əhməd İmamquliyev isə 31,75 faiz səs toplayıb. O, APA TV-yə açıqlamasında hakim partiyanın namizədliyini geri çəksə də, Merab Topşişvilinin seçkilərdə iştirak etməsini bölgədə yaşayan etnik xalqa qarşı hörmətsizlik kimi qiymətləndirib.

 

"Onlar bölgədən olmayan bir şəxsin namizədliyini irəli sürdülər və bir daha da bölgədə yaşayan xalqa hörmətsizlik nümayiş etdirdilər".

 

O səs çoxluğunun qanun pozuntuları ilə qazanıldığını deyir.

 

"Çox məntəqələrdə bu səsləri qanun pozuntuları və hədə-qorxularla qazanıblar. Hökmən etiraz edəcəyik və qanun pozuntularının olduğu məntəqələrdə ki nəticələri hökmən ləğv etdirəcəyik".

 

Daha bir azərbaycanlı Rəşid Məmmədovun namizədliyini irəli sürən Nino Burcanadzenin partiyası isə 12,35 faiz səs yığa bilib. Bundan başqa, Qardabani rayonunda da azərbaycanlının namizədliyi irəli sürülmüşdü. "Gürcüstan vətənpərvərləri və güclü veteranları siyasi hərəkatı"ndan azərbaycanlı Telman Həsənov 7,02 faiz səs toplayaraq 4-cü olub. Burada da "Gürcüstan arzusu" partiyasının namizədi 55,93 faiz səs yığıb.

 

Müəllif | Apa.Tv
Apa.tv