Erməni deputat Bakıda sayıqladı: "Münaqişənin tərəfləri "Dağlıq Qarabağ" və Azərbaycandır"

 

Bakda NATO Parlament Assambleyasının 86-cı “Rouz-Rout” seminarı keçirilir. APA TV-nin xəbərinə görə, “Cənubi Qafqaz: çağırışlar və imkanlar” mövzusunda keçirilən seminarda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Cənubi Qafqazda mövcud olan münaqişələri, çağırışları aradan qaldırmaq üçün ilk növbədə qarşılıqlı etimada əsaslanan, ikili standartlardan azad olan əməkdaşlığı inkişaf etdirmək lazımdır. Parlament sədri Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edildiyi və nəticədə 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşdüyü barədə də məlumat verib. O, NATO-nu münaqişələrin nizamlanmasında daha yaxından iştirak etməyə çağırıb.

Azərbaycanın mürəkkəb regionda yerləşdiyini deyən NATO PA-nın prezidenti Hu Beylin bildirib ki, regional məsələlərinin həllində parlament dialoqundan istifadə olunması vacibdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirən NATO PA-nın prezidenti deyib ki, bu problemi müharibə yolu ilə həll etmək mümkün deyil.

Müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan bildirib ki, münaqişənin sülh yolu ilə həlli rəsmi İrəvan üçün prioritetdir. Onun sözlərinə görə, münaqişə tərəfləri “Dağlıq Qarabağ” və Azərbaycandır və “Dağlıq Qarabağ” danışıqlar prosesində iştirak etməlidir.

Erməni nümayəndə heyətinin çıxışına cavab verən Azərbaycan nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib ki, “Dağlıq Qarabağ”ın tərəf kimi danışıqlarda iştirak etməsi mümkün deyil. Çünki münaqişə Azərbaycan və Ermənistan arasındadır: “Azərbaycan tərəfindən Ermənistana qarşı təhdid yoxdur".

Türkiyə nümayəndə heyətinin üzvü Ahmet Berat Konkar isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. 

Müəllif | Apa.Tv