Şəkidə "KamAZ" aşdı, yaralılar var

 

Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin  məlumatına görə, qəza Qaraməryəm-İsmayıllı-Şəki  magistiral yolunun Şəki rayonu Aşağı  Küncüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü  Fərid Fuad oğlu Mahmudov idarə etdiyi “KamAZ” markalı yük avtomobili Şəki istiqamətində hərəkətdə olarkən yolun kənarına aşıb. Baş vermiş qəza nəticəsində sürücü Fərid Mahmudov və onun sərnişini Göyçay rayon sakini, 1957-ci il təvəllüdlü  Knyaz Hacı oğlu Dəmirov müxtəlif  bədən xəsarətləri alıblar. Yük maşınının deformasiyaya uğraması nəticəsində xəsarət alan Knyaz Dəmirovu çıxarmaq üçün hadisə yerinə  Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıq vasitəsilə deformasiyaya uğramış maşından xilas edilən Knyaz Dəmirov və sürücü Fərid Mahmudov Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıblar.  Şəki RMX-dan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Knyaz Dəmirovun hazırda vəziyyəti orta-ağır,  Fərid Mahmudovun isə orta stabil qiymətləndirilir, müalicələri xəstəxanada davam etdirilir.  Fakla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov