Ziyafət Əsgərov: “Sizə erməni xalq mahnısı lazımdır?”

"Azərbaycan 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğalının hələ də davam etməsi regionun təhlükəsizliyi üçün ən böyük təhdiddir".

APA TV-nin məlumatna görə, bu fikirləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Bakıda NATO Parlament Assambleyasının keçirilən 86-cı “Rouz-Rout” seminarındakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi aparılan sülh danışıqlarının müsbət nəticə verməsinə mane olur.

 

"Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin qarşısını almaq lazımdır" deyən ABŞ-ın Azərbaycandakı sabiq səfiri, müdafiə araşdırmaları üzrə beynəlxalq mərkəzin direktoru Metyu Brayza isə bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun çıxarılması, Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin təmin olunması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi Bakı ilə İrəvan arasında danışıqların əsas mövzusudur.

 

Azərbaycan Milli Məclisi sədrinin 1-ci müavini Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyə görə beynəlxalq ictimaiyyəti sərt tənqid edib. Ermənistan parlamentinin seminarda iştirak edən üzvü Tevan Poqosyanın Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması haqqında harada yazıldığı barədə sualına cavab olaraq Ziyafət Əsgərov BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini dərhal tərk etmələri barədə yer alan müddəaları bir-bir oxuyub: "Bəs, sizə nə lazımdır? Sizə erməni xalq mahnısı lazımdır? Bu, BMT-nin sənədidir".

Vitse-spiker eyni zamanda beynəlxalq ictimaiyyəti də sərt şəkildə qınayıb: "ABŞ BMT-nin mürəkkəbi qurumamış imzası ilə NATO ilə bir yerdə Liviyanı darmadağın etdi. Həmçinin İraqa girdiniz. Adını da qoydunuz ki, orada kimyəvi silah var. Heç nə də tapa bilmədiniz. Bu gün İraq xalqı necə əzab çəkir, siz də bilirsiniz, mən də bilirəm. Yuqoslaviyanı BMT-nin heç bir mandatı olmadan darmadağın etdiniz. Bu da sizin işinizdir, vicdanınızın öhdəsindədir. 20 ildir BMT-nin TŞ Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib. Bu qətnamələr bəs niyə yerinə yetirilmir?. Bu ikili standartlara son qoyun! Ayıbdır!"

Vitse-spiker həmçinin qeyd edib ki, işğal olunmuş ərazilərdən Ermənistan ordusu çıxarıldıqdan sonra Azərbaycan təmas xəttindəki snayperlərin geri çəkilməsinə baxıla bilər.
 

Müəllif | Apa.Tv