Araz Əzimov: "Beynəlxalq ictimaiyyətdən cəsarət gözləyirdik"

"Beynəlxalq ictimaiyyət Ukrayna hadisələri zamanı göstərdiyi qətiyyəti və cəsarəti Dağlıq Qarabağ münaqişəsində də gösətrməlidir".

APA TV-nin xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda NATO Parlament Assambleyasının "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı "Rouz-Rout" seminarında deyib: "Ukrayna hadisələri ilə bağlı böyük cəsarət gördük. Biz də 20 ildir, belə bir cəsarəti gözləyirdik. Lakin Cənubi Qafqazla bağlı hələ ki, belə bir cəsarət ortaya qoyulmayıb. Ermənistan beynəlxalq səviyyədə Ukraynanın ərazi bütövlüyünün əleyhinə çıxış etdi. Biz həmçinin prezident Serj Sarkisyanın Krımın ilhaq edilməsi məsələsində müsbət qiymət verməsinin də şahidi olmuşuq".

Diplomat danışıqlarda əsas mövzulardan biri olan dəhliz məsələsinə də münasibət bildirib: “Adətən həmişə Dağlıq Qarabağla Ermənistan arasında yerüstü dəhlizin təmin edilməsinin vacibliyindən danışılır. Lakin təəssüf ki, nədənsə heç kim Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında dəhlizin təmin olunması vacibliyindən danışmır. Amma Azərbaycanın digər bölgələrindən Naxçıvan MR-ə gedib çatmaq üçün İran ərazilərin üzərindən uzun yol keçmək lazım gəlir".

O qeyd edib ki, Ermənistan Suriya və Liviyadan erməniləri işğal olunmuş Azərbaycan torpaqlarına köçürüb. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsə, heç bir qarşılıqlı inam, orada yolların inşası, infrastrukturun qurulması, birgə yaşayış mümkün ola bilməz.

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev isə Ermənistanın hər zaman Rusiyanın himayəsində olduğuna diqqət çəkib: "Ermənistanda Rusiyadan dəhşətli qorxu var və bu qorxu ilə hərəkət edirlər. Biz yaxşı olardı ki, danışıqları Rusiya ilə aparaq, Ermənistanla yox. Qarabağ münaqişəsi başlayan andan siz Ermənistanda və Dağlıq Qarabağda bütün digər millətləri qırdınız və qovdunuz. Ermənistanı monoetnik ölkəyə çevirdiniz. Bu gün Ermənistanda yaşayan yeganə kənar millət ölkə ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının hərbçiləridir. Bəs buna nə cavab verəcəksiniz?!”

Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Tevan Poqosyan isə Ramil Səfərov məsələsini qabardmağa çalışıb.

  

Müəllif | Apa.Tv