Lənkəranda yol qəzasında 4 nəfər xəsarət alıb

Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 195-ci kilometrliyində, yolun Göyşaban kəndindən keçən hissəsində  qeydə alınıb. Lənkəranın Liman şəhər sakini, 51 yaşlı Həsənəli Barat oğlu Babayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Astara rayonunun Suparibağ kənd sakini, 29 yaşlı Nizaməddin Telman oğlu Əliyevin idarə etdiyi “Mersedes” markalı yük maşını ilə toqquşub. Güclü zərbə nəticəsində “VAZ-2106” markal avtomobil daha sonra yolun kənarındakı hasara çırpılıb. Qəza zamanı hər iki avtomobil ciddi zədələnib, həmçinin “VAZ-2106”-nın sürücüsü və  onun yanındakı sərnişinlər, Bakı şəhər sakini, 26 yaşlı Farid Vahid oğlu Məmmədov, Lənkəranın Ürgə kənd sakini, 24 yaşlı Təbriz Fərman oğlu Rzayev və  Lerik rayon sakini, 44 yaşlı Sübhi Sərhad oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən verilən məlumata görə, yaralılardan Farid Məmmədovun vəziyyəti nisbətən ağırdır. Digər xəsarət alanlara isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

İlkin versiya kimi hadisənin “VAZ-2106” markalı avtomobilin qarşısına qəfildən mal-qaranın çıxması  səbəbindən baş verdiyi bildirilir.

 

Müəllif | Apa.Tv