Almaniya millisi portuqaliyalıları diz çökdürdü - 4:0

Futbol üzrə dünya çempionatının G qrupunun ilk oyununda Almaniya və Portuqaliya milliləri qarşılaşıblar.

Almaniya millisi hesabı oyunun 12-ci dəqiqəsində açıb. Tomas Müller Mario Götzenin qazandığı penaltini ustalıqla yerinə yetirib.

32-ci dəqiqədə Mats Hummels almanların üstünlüyünü iki topa çatdırıb.

Bundan cəmi beş dəqiqə sonra portuqaliyalılar meydanda azlıqda qalıblar. Pepe Almaniya millisinin hücumçusu Tomas Müllerə qarşı kobudluq edib, üstəlik yerə yıxılan rəqibini başı ilə də vurub.

Hakim Pepeyə bu davranışına görə qırmızı kart göstərib.

Birinci hissənin sonuncu dəqiqəsində Tomas Müller dubla imza atıb və hesabı darmadağın həddinə çatdırıb - 3:0.

İkinci hissə hadisələrlə daha az zəngin olub. Yalnız 78-ci dəqiqəsində Tomas Müller özünün üçüncü, komandasının isə dördüncü qolunu vurub. Beləliklə, Tomas Müller ilk turdaca turnirin bombardirlərinin liderinə çevrilib.

 

Müəllif | Apa.Tv