Cəlilabadda iki yol qəzası: 4 yaralı

Cəlilabad rayonunda iki ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, ilk hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Salyan rayon sakini Elman Nabatəli oğlu Məmmədovun idarə etdiyi “QAZel” markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Lənkəran rayon sakini Ramal Səxavət oğlu Bədəlovun idarə etdiyi “HOWO” markalı yük avtomobilinə çırpılıb.

 

Qəza nəticəsində “QAZel”in sürücüsü ilə yanaşı, sərnişinləri - Hacıqabul rayon sakinləri Əhəd Əvəz oğlu Tapdıqov, Vüqar Abidin oğlu Heydərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad və Biləsuvar Mərkəzi Rayon xəstəxanalarına yerləşdiriliblər.

 

Yaralılardan “QAZel”in sürücüsü Elman Məmmədovun vəziyyətinin daha ağır olduğu bildirilir.

 

İlkin versiya kimi qəzaya “HOWO”nun sürücüsünün sükan arxasında yuxulaması səbəb göstərilir.

 

Cəlilabaddakı baş verən növbəti yol qəzasında bir nəfər xəsarət alıb. Cəlilabad  sakini Ramil Mətləb oğlu Verdiyevin idarə etdiyi “VAZ-2109” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü baş-beyin nahiyyəsindən xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

 

Qəza nəticəsində həmçinin minik avtomobili ciddi zədələnib, işıq dirəyi isə aşıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv