Ev yandı, yaşlı kişi ölümdən son anda xilas edildi

Cəlilabad rayonunda güclü yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Nizami küçəsi, 88 ünvanında Nurxanım Gülalı qızı Eynullayevaya məxsus  birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Mətbəx hissəsindən başlayan yanğın  tədricən evin tavan və otaqlarını əhatə edib. Yanğını ilk görən qonşular  evdə köməksiz halda qalan qoca kişini xilas edə biliblər.

 

Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşınının və canlı qüvvəsinin köməyi ilə 140 kv.m-dən ibarət evin 100 kv.m-ə yaxın hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmasa da, evin mətbəxi, eləcə də  1 otağı içindəki məişət əşyaları ilə birlikdə yanaraq külə dönüb.

 

İlkin ehtimala görə yanğın elektrik naqillərində baş vermiş qısaqapanmadan əmələ gəlib. Hadisənin dəqiq başvermə səbəbləri isə  ekspertizanın rəyindən sonra bəlli olacaq.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv