Prezident: Avropa İttifaqı-Azərbaycan əlaqələri strateji xarakter alıb

"Yunanıstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir və bu səfər əlaqələrə yeni təkan verəcək". APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Afinada Yunanıstan prezidenti Karolos Papulyasla birgə mətbuat konfransında deyib. Azərbaycanın dövlət başçısının sözlərinə görə, Azərbaycanla Yunanıstan beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər.

 

Prezident İlham Əliyev bildirib ki, ötən ay Azərbaycan Avropa Şurasında sədrliyi öz üzərinə götürüb və ilin sonuna qədər bu sədrliyi davam etdirəcək. Dövlət başçısının sözlərinə görə, Yunanıstan Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına çox böyük töhfə verib.

 

 

 

"Avropa İttifaqı-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, strateji xarakter alıb. İki gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini bir daha təsdiq edib".

 

Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional təhlükəsizlik üçün ən böyük təhdiddir.

 

 

 

"İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayır. Münaqişənin tezliklə həlli bölgəyə sülh, əməkdaşlıq gətirəcək. BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ümid edirəm ki, bu münaqişənin həlli yaxın zamanlarda mümkün olacaq və beləliklə, dediyim kimi, bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaq".

 

Yunanıstan prezidenti Karolos Papulyas isə deyib ki, prezident İlham Əliyevlə görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər nəzərdən keçirilib.

 

Müəllif | Apa.Tv