Ziyafət Əsgərovdan erməni deputata mesaj: "Sənin qatil atan cəzasını alacaq" - YENİLƏNİB

 

"Ermənistan işğalçı və terrorçu dövlət olduğu üçün NATO PA-dan çıxarılmalıdır".

Bunu Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə APA TV-nin xəbərinə görə, heyətinin rəhbəri Ziyafət Əsgərov deyib. NATO PA-nın seminarında Ermənistan nümayəndə heyətinin təxribatçı əməllərinə münasibət bildirən I vitse-spiker qeyd edib ki, Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir: "Ermənistan nümayəndə heyəti seminarda dünəndən bəri təxribatla məşğul olur. Azərbaycana sataşırlar. Sual adı altında Azərbaycanın əleyhinə danışırlar. Orduda islahatların aparılması çox önəmli bir məsələdir. Ümumi daxili məhsulumuz artırsa, hərbi büdcəmiz, təhsil, səhiyyə büdcəmiz də artır".

Ziyafət Əsgərov bildirib ki, seminarda iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır: "Sən iki gündür, burada Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham edirsən. Məgər bilmirsiniz ki, bu hadisəni sovet "KQB"si və sizin Qriqoriyan edib?! Yeri gəlmişkən, artıq bunu istintaq da sübut edib. Amma sənin atan Qarabağda azərbaycanlılara qarşı qanlı cinayət törədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlar da var və hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən".

Ziyafət Əsgərov erməni deputatları riyakarlıqdan və etikasızlıqdan əl çəkməyə çağıraraq yaxın tarixi saxtalaşdırmağa son qoymağı tələb edib.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova