MN idarə rəisi: "Azərbaycan güclü müdafiə və təhlükəsizlik sektoruna malik olmalıdır"

"Azərbaycan coğrafi baxımdan elə bir regionda yerləşir ki, güclü müdafiə və təhlükəsizlik sektoruna malik olmalıdır”.


APA TV-nin xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Hərbi Strategiya və Planlaşdırma İdarəsinin rəisi polkovnik Elman Səmədov Bakıda NATO Parlament Assambleyasının "Cənubi Qafqaz: Çağırışlar və İmkanlar" mövzusunda keçirilən 86-cı"Rouz-Rout" seminarında deyib. Onun sözlərinə görə, Azərbaycan müdafiə və təhlükəsizlik sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrdə yeni standartların, əlavə potensialın yaradılması istiqamətində aparılan işləri və bu istiqamətdə strateji tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın təhlükəsizlik sisteminə təhdiddir. Azərbaycanın böyük hissəsi hələ də Ermənistanın işğalı altındadır. Bundan başqa, Azərbaycan Cənubi Qafqazda elə bir yerdə yerləşib ki, Rusiya, Türkiyə və İran kimi ölkələrlə həmsərhəddədir. Belə bir şəraitdə ölkənin güclü müdafiə və təhlükəsizlik sektoru olmalıdır ki, bütün təhlükələrin öhdəsindən gələ bilsin. Buna isə yeni yanaşmalar tələb olunur".

 

Azərbaycan təhlükəsizlik və müdafiə sisteminin NATO standartları əsasında təkmilləşdirilməsi işini davam etdirmək niyyətində olduğunu deyən Elman Səmədov bildirib ki, Azərbaycan artıq bir neçə ildir, bu istiqamətdə islahatlar aparır: “Bu məqsədlə bir neçə mühüm strateji sənəd qəbul edilib. Artıq onların əsasında Müdafiə Nazirliyi tərəfindən Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədi də hazırlanıb. Bundan əlavə, hərbi təhsil sistemində dəyişikliklər edilib, NATO proqramına uyğun hərbi təhsil proqramı təşkil olunub”.
O qeyd edib ki, Azərbaycanın hərbi kadr hazırlığı beynəlxalq sülh əməliyyatlarında hərbi qulluqçuların iştirakının təmin edilməsi nəzərə alınmaqla da aparılır.

Müəllif | Apa.Tv