Səlim Müslümov: "İşəgötürənlərə 3 ay vaxt veriləcək"

İşəgötürənlərə əmək müqavilələrinin bildirişlərini qeydiyyatdan keçirilməsi üçün 3 ay vaxt veriləcək. APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, sistem iyulun 1-dən fəaliyyətə başlayacaq: "Həm yeni bağlanan əmək müqavilələri, əmək müqaviləsinə edilən dəyişikliklər, həm də əmək müqaviləsinə xitam verilməsi bildirişlərinin forması qaydalarla təsdiq olunub. Eləcə də nazirlik tərəfindən işəgötürənlərə bildirişlərin qeydiyyatdan keçməsini bildirən məlumatı forması da təsdiqlənib".

 

Ölkədə sosial ödənişlər üçün vahid plastik kart tətbiq olunması ilə bağlı elan edilən tenderdən danışan Səlim Müslümov bildirib ki, tenderə kifayət qədər bank qatılmadığı üçün vaxt uzadılıb: "Çox təəssüflər olsun ki, banklar buna o qədər də maraq göstərmədi. Bankların sayı az olduğu üçün vaxt uzadıldı. Amma istənilən halda dəyişdiriləcək".

 

Dövriyyədə olan təxminən 5 milyona yaxın plastik kartdan böyük bir qismi pensiya, sosial müavinət, sosial yardım, qaçqınlar üçün ödənişlər üçün istifadə olunur. Buna görə də təklif olunur ki, bütün sosial ödənişlər vahid kartla verilsin.

 

 

Müəllif | Apa.Tv