Bakıda yeni mərkəz yaradılır

Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı konsepsiya və nizamnaməsinin sənədi hazırlanıb və baxılmaq üçün üzv dövlətlərə təqdim edilib. APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək, məşğulluq və sosial müdafiəsi ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin iclasında deyib. İki gün davam edəcək iclasda komitəyə üzv ölkələr - Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziyadan olan vəzifəli şəxslər, İƏT-in Katibliyi və tabe təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edir: " Son illərin qlobal iqtisadi-maliyyə böhranının İƏT-ə üzv dövlətlərin əmək bazarına təsirsiz ötüşməyib, bir sıra dövlətlərdə çoxsaylı iş yerinin bağlanmasına səbəb olub. Reallıq budur ki, hazırda dünyanın digər inkişaf etmiş regionları ilə müqayisədə İƏT regionunda ümumi və ayrı-ayrı əhali qrupları üzrə məşğulluq səviyyəsi aşağı olaraq qalır. Məsələn, 2012-ci ildə dünya üzrə gənclərin işsizlik səviyyəsi 12.6 faiz olduğu halda, İƏT ölkələri üzrə orta göstərici 15.6 faiz olub”.

Səlim Müslümov bildirib ki, Azərbaycanın İƏT çərçivəsində, digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişafına səy göstərir.

Müəllif | Apa.Tv