Anar yenidən Yazıçılar Birliyinin sədri oldu - YENİLƏNİB

Yazıçılar Birliyinin 12-ci qurultayı keçirilir. Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, xalq şair və yazıçılarının məzarlarını ziyarət ediblər. APA TV-nin xəbərinə görə, qurultayda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, məşhur qazax yazıçı Oljas Süleymenov, dövlət müşaviri, yazıçı Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Fikrət Qoca, Sabir Rüstəmxanlı, MDB və digər dünya ölkələrindən gələn yazıçı-şairlər və başqaları iştirak edir.

 

AYB sədri, xalq yazıçısı Anar bildirib ki, qurultay nümayəndəsi seçilən 439 nəfərdən 364 nəfəri qeydiyyatdan keçərək tədbirə qatılıb.

 

Nazir Əbülfəs Qarayev bildirib ki, bəzi imzaları çıxmaq şərti ilə, Azərbaycan ədəbiyyatının nümunələri dünyaya lazımınca çatdırılmır. Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatının inkişafı üçün dövlət səviyyəsində müxtəlif proqramları həyata keçirilib və ədəbi əsərlərin təbliği üçün işlərin aparılması davam edəcək.

 

Çıxış edənlər Azərbaycan ədəbiyyatında qazanılan uğurlar, yazılan yeni əsərlər, çap olunmuş kitablar haqqında danışıb. Çıxışçılar qurumun sədrliyinə seçkilər zamanı iştirakçıları Anara səs verməyə çağırıblar.

 

Günün sonunda səsvermə keçirilib. Anar yekdilliklə yenidən AYB seçilib.

 

Qeyd edək ki, Anar 27 ildir, AYB-nin sədridir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı