Mütəxəssis: "Arıqlama çaylarının tərkibində narkotik var"

Artıq çəkidən əziyyət çəkənlər arasında bitki çayları və xüsusi həblər vasitəsi ilə arıqlamaq istəyənlərin sayı kifayət qədərdir. Gündə azı 1 dəfə içilməsi təklif edilən bu vasitələr insan orqanizmində olan piylərin əriməsinə köməklik göstərməklə yanaşı, ciddi fəsadlara da yol açır. Mütəxəssislər hesab edir ki, daha çox xarici ölkələrdə istehsal edilib ölkəmizə gətirilən bu məhsulların tərkibində xüsusi kimyəvi maddələr var. Bu isə bədəndə olan piyləri parçalamaqla yanaşı, orqanizmin metobalizma sistemini sıradan çıxarır. Daha çox qadınların istifadə etdiyi bu məhsulların apteklərdə açıq - yəni həkim resepti olmadan satışı mövcuddur. Bu səbəbdən istənilən yaşdakı insanlar bu çayları və həbləri asanlıqla əldə edə bilirlər. APA TV-nin məsələ ilə bağlı apardığı çəkiliş zamanı məlum oldu ki, gündə bir aptekdən 10-15 nəfər arıqladıcı xüsusiyyətə malik olan çaylar alır.

 

"Biz bu çayları və həbləri reseptsiz satırıq və satarkən alıcılara xəbərdarlıq edirik ki, bu vasitələrin əks təsiri ola bilir. Bu dərmanları bizdən daha çox 35 yaşdan yuxarı xanımlar alırlar".

 

Paytaxt sakinləri isə deyirlər ki, sözügedən vasitələrdən istifadə etsələr də, çayların effektini görməyiblər və ya orqanizmə mənfi təsiri üzə çıxandan sonra istifadəni dayandırırlar.

 

"Bir müddət istifadədən sonra gördük ki, heç bir təsir etmir. Əvvəl təsiri vardı, zaman keçdikcə nədənsə təsiri olmadı. Buna görə də istifadəni dayandırdıq."

 

Dietoloq Leyla Zülfüqarova deyir ki, son illər daha çox qadınların istifadə etdiyi arıqlama çayları, müxtəlif kofelər və ya həblər insan orqanizminə daxil olduqdan sonra iştahanın kəsilməsi və bağırsaq sisteminin daha sürətli fəaliyyət göstərməsinə səbəb olur. Bu zaman orqanizm adət etdiyindən fərqli olaraq bir anlıq yüklənir. Dietoloq deyir ki, bu vasitələrdən istifadə edənlərdə zaman keçdikcə ciddi şəkildə piylənmə xəstəliyi yaranır, bədəndə bu vasitələrə asılılıq əmələ gəlir.

 

"Vaxtı ilə 5-6 kiloqram çəki  atan xanımlar daha sonra sürətlə kökəlməyə başlayırlar. Bu çaylardan maksimum 3 dəfə istifadə edilir. Dördüncü dəfə artıq bədən bu çaylara öyrəşir. Orqanizmi birbaşa özündən asılı vəziyyətə salır və tənbəlləşdirir. Əslində, biz kənar müdaxilə etməsək insan bədəninin hər bir orqanı özü öz işini görəcək. Çünki bütün orqanlar biri-birindən asılıdır. Biz bağırsaqlara müdaxilə etməklə həmin orqanların öz təbii funksiyasını icra etməyə imkan vermirik. Bu zaman bağırsaqlar get-gedə öz funksiyasını  unudur  və tənbəlləşir".

 

Müsahibimiz deyir ki, bu çayların tərkibində narkotik vasitələr də var. Bu isə həmin vasitələrdən asılılıq yaradan başlıca səbəblərdən biridir. Arıqladıcı çay və ya həblər iştahanı dərhal kəsir və orqanizm qeyri-sağlam olaraq zəifləyir.

 

"Bir maddəni depolayıb müəyyən müddətə saxlamaq üçün  həmin qidaların tərkibinə kimyəvi maddələr vurulur. Bu zaman onların təbii tərkibi itirilmiş olur. Bu cür məhsulların satışı dolayısı ilə biznes maraqlarından irəli gələn faktlardır. Bəzi bu tip məhsullarda "Qultanat natri" və "Çin duzu" adlı maddələr əlavə olunur. Bu maddələr dad verici maddələrdir. Bu maddələr həddindən artıq ziyanlı maddələrdir."

 

Həmin çay və həblər daxili orqanlarımızla yanaşı, cildimiz üçün böyük təhlükədir. Bu preparatların istifadəsindən sonra dəridə ləkələr və səpkilər üzə çıxır. Mütəxəssislər artıq çəkidən yalnız təbii yolla və idmanla xilas olmağı məsləhət görürlər.

 

Müəllif | Apa.Tv