Oğurluq 1 milyonun taleyi: Bahalı maşın, nənə məzarı, saxta polislər...

“Karat”  MMC-dən 1 milyon manatlıq oğurluq faktına görə təqsirli bilinən dəstənin bütün üzvləri həbs olunublar. APA TV-nin məlumatına görə, cinayəti törətməkdə təqsirləndirilən Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev saxlanılıb. İstintaqla müəyyən olunub ki, əvvəllər “Karat" MMC-də çalışan Ramil İmaməliyev işdən çıxdıqdan sonra ofisdən oğurluq etmək fikrinə düşüb. O, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. APA TV-nin məlumatına görə, 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub, seyfin qapısını sındırmaqla 1 milyon manatı oğurlayıb.

 

Pulları Qobu qəsəbəsində yaşadığı evə aparan Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev isə pulun bir hissəsinə özünə “İnfiniti” markalı, 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb.  Saxlanılarkən maşının yük yerindən 5 min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanıb. Ramil İmaməliyev istintaqa bildirib ki, oğurladığı pulların demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də saxlayıb.

 

 

Təqsirləndirilən şəxsin qardaşı Ramiz İmaməliyev etiraf edib ki, qardaşı tutulmazdan bir neçə gün əvvəl ona və anasına zəng edərək, oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramiz İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin yanında basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190 800 manat pulu taparaq istintaqa təhvil verib. Faktlarla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv