İŞİD terrorçuları 15 türkiyəli fəhləni qaçırdı
İŞİD terrorçuları Kərkük yaxınlığında tikintidə çalışan 15 Türkiyə vətəndaşını qaçırıb. Terrorçular girov götürdükləri türklərdən birini dini mənsubiyyətinə görə sərbəst buraxıblar. Həmin şəxs İŞİD terrorçularının ümumilikdə 60 fəhləni qaçırdığını, onlardan 15-nin türkiyəli olduğunu deyib. Girov götürülənlər Türkiyə, Pakistan, Banqladeş, Nepal ve Türkmənistan vətəndaşlarıdır.
Fəhlələr bir Türkiyə şirkətinin tikdirdiyi xəstəxanada çalışırmışlar. ONların hansı istiqamətə aparıldığı məlum deyil.
Hələlik bu məlumatı Türkiyə XİN təsdiqləməyib.
Bu arada İraqda İran ordusunun bir komandanının öldürüldüyü barədə məlumat yayılıb. Öldürülən komandanın adının Əli Rza Məşcəri olduğu deyilir. İranın "afsaran.ir" xəbər agentliyi kapitan Məşcər'nin İŞİD-ə qarşı döyüşdə ölən ilk İran hərbçisi olduğunu yazıb. Ölən hərbçi Tehrandakı Behişti Zəhra məzarlığında dəfn edilib.
Telaferdə isə hava hücumu zamanı 70 İŞİD terrorçusunun öldürüldüyü barədə xəbər yayılıb. Məlumata görə, İraq Hərbi Hava Qüvvələri Telaferə hücum təşkil edib, 40 hərbi texnika və 70 terrorçu zərərsizləşdirilib.