Ziyafət Əsgərov: "Erməni deputatlar Bakıda özlərini elə sərbəst aparırlar ki..."


Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) seminarında erməni deputatlalarla azərbaycanlı deputatlar arasında növbəti qalmaqal yaşanıb. APA TV-nin məlumatına görə, seminarın növbəti hissəsi İran və regional təhlükəsizlik məsələsinin müzakirəsi olub. Mövzu ilə bağlı çıxış edən Beynəlxalq Böhran Qrupunun İran üzrə baş təhlilçisi Ali Vaez bildirib ki, bəzi qüvvələr İranla Qərb arasında mövcud status-kvonun saxlanılmasında maraqlıdırlar. Onun ardınca söz alan Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev bildirib ki, bu gün İran Ermənistanın ən yaxın müttəfiqidir. Onun sözlərinə görə, İran qorxur ki, Cənubi Azərbaycan şimala baxıb özünə müstəqillik qazanar. Millət vəkili Siyavuş Novruzov isə bildirib ki, Dağlıq Qarabağda narkotraffiklə bağlı yoxlamalar aparılmalıdır. Narkotacirlərin bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-İran-Azərbaycan-Rusiya, Qarabağ-Ermənistan-Rusiyadan ibarətdir. Daha sonra söz alan Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyan rəsmi Tehranın İrəvana göstərdiyi bütün yardımlara görə, çox minnətdar olduğunu deyib. O, İranda erməni icmasının mövcud olduğunu vurğulayıb. Vaxtı ilə erməni və azərbaycanlıların birgə Osmanlı imperiyasına, daha sonra faşistlərə qarşı vuruşduğunu deyən erməni millət vəkili “Türkiyə Azərbaycan qardaşdır “ ifadəsinə kinayə ilə yanaşıb. Azərbaycan və Türkiyə nümayəndə heyətinə replika atan erməni deputata aparıcı tərəfindən imkan verilməyib. Ziyafət Əsgərov isə bildirib ki, Ermənistan nümayəndə heyəti Bakıdan İrəvana təxribatçı məlumatlar ötürür ki, guya onlar burada sıxışdırılır, çıxışlarına imkan verilmir və ümumiyyətlə, Azərbaycanda həbsxanadakı kimi saxlanılırlar. “Amma siz, seminar iştirakçıları nəyin şahidisiniz? Neçə gündür erməni deputatlar Bakıda özlərini elə sərbəst aparırlar ki, heç Ermənistanda belə sərbəst deyillər. İstədiklərini deyirlər, istədikləri vaxt hətta çıxışları kəsib replika atırlar, seminardan kənar sərbəst Bakının istədikləri yerində gəzə də bilirlər. Görünən odur ki, ermənilərin buradan ötürdükləri bu təxribatçı məlumatların məqsədi tamam başqa və iyrəncdir”.

Müəllif | Apa.Tv
Apa.tv