Orxan Zeynalov məhkəməyə itlərin müşayiəti ilə gətirilib - YENİLƏNİB

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası təxirə salınıb. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Moskva şəhər Məhkəməsində keçirilən prosesdə Orxan Zeynalov barəsində seçilən həbs-qətimkan tədbirinin noyabrın 30-dək uzadılması barədə qərar qəbul edildiyi elan olunub. Bildirilib ki, təqsirləndirilən şəxsin yeni təyin olunan azərbaycanlı vəkili Abbasmirzə Abdullayev cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses sabah saat 11-dək təxirə salınıb. Orxan Zeynalov Moskva şəhər Məhkəməsində keçirilən prosesə əllərində xüsusi təlim görmüş itlər olan nəzarətçilərin müşayiəti ilə gətirilib. Məhkəmə binası ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb. Orxan Zeynalov məhkəmə zalında dəmir barmaqlıqlar arasında oturdulub. Rusiya mətbuatı məhkəməyə böyük maraq göstərib. Media nümayəndələrinə ancaq məhkəmə başlanan zaman görüntülər çəkməyə imkan yaradılıb. Proses qapalı keçirilir.

 

Qeyd edək ki, təqsirləndirilən şəxs iki vəkillə təmin olunub.

 

Müəllif | Apa.Tv
Fərid Əkbərov