İran prezidenti İŞİD-i hədələdi

İran prezidenti Həsən Ruhani İŞİD terrorçularının əməllərinə sərt reaksiya verib. APA TV-nin xəbərinə görə, o bildirib ki, İran İraqda şiələrə aid müqəddəs yerləri qorumaq məsələsində tərəddüd etməyəcək: "Şiələrə aid müqəddəs yerləri terrorçulardan qoruyacağıq. Bir çox insan İraqa gedib bu yerləri qorumağa və terrorçularla döyüşməyə hazırdır".

İraqın baş naziri Nuri el Maliki isə İŞİD-ə qarşı mübarizə aparmaq əvəzinə, silahlarını qoyub qaçan yüksək rütbəli hərbçiləri işdən qovub. Mosulda xidmət edən 3 hərbçi vəzifəsindən azad edilib, biri hərbi məhkəməyə verilib. Bu barədə Maliki yazılı açıqlama verib. İşindən qovulan hərbçilər Mosul generallar Mehdi əl-Qərravi, Əbdürrəhman Handal və polkovnik Həsən Abdurrəzzaqdır. Polkovnik Hidayət Əbdulkərim barəsində isə cinayət işi başlayıb. Eyni günahı edən əsgərlər haqqında da təhqiqat aparılacağını bildirən Maliki İŞİD-ə qarşı güclü mübarizənin aparılacağını qeyd edib.

Bu arada, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton "Çətin seçimlər" adlı kitabının təqdimatında bildirib ki, hazırkı şərtlər daxilində ölkəsi İraqa əsgər göndərməyəcək. O qeyd edib ki, ABŞ iraqlılara başqa bir gələcək üçün əlindən gələni hər şeyi edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı