"Hyundai" ağaca çırpıldı: 3 yaralı

Balakən rayonunda baş verən yol qəzasında biri ağır olmaqla üç nəfər xəsarət alıb. APA TV-nin  məlumatına görə, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası rayonun Qazma kənd ərazisində baş verib. 1985-ci il təvəllüdlü, Tülü kənd sakini Taleh Məhəmməd oğlu Qarayev idarə etdiyi “Hyundai” markalı 10 ML 549 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində sürücü Taleh Qarayev, onun sərnişinləri - Balakən rayon sakinləri 1981-ci il təvəllüdlü, Tahir İdris oğlu Bağırov və 1989-cu il təvəllüdlü, Rəşad Adil oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Balakən RMX-dan verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan xəstələrdən Tahir Bağırovun vəziyyəti ağır olduğu üçün reanimasiya, Taleh Qarayev isə cərrahiyə şöbəsinə yerləşdirilib. Rəşad Kərimovun vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov