Əli Həsənov: "Biz hansı gələcəkdən danışırıq?"

“Dünyada haqsızlıqlar, ədalətsizliklər baş alıb gedir. Nə qədər dünya ictimaiyyəti bu haqsızlığa, ədalətsizliyə göz yumacaq, belə hallar davam edəcək və artacaq. Budurmu dünyanın demokratik və hüquqi inkişaf yolu? Əgər budursa, hansı gələcəkdən danışırıq?”

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq Konfransında çıxışı deyib ki, 30-40 il əvvəl konflikt zonalarının, dünyada mövcud olan qaçqın və məcburi köçkünlərin sayı indikindən 2-3 dəfə az olub. Bu gün dünyada qaçqınların sayı isə  40 milyonu keçib. Onun sözlərinə görə, dünyada yeni terminologiya - məcburi köçkün adı yaranıb. APA TV-nin məlumatına görə, Əli Həsənov qeyd edib ki, beynəlxalq təşkilatlar öz işlərini belə davam etdirsə, sabah ölkələr o təşkilatlardakı üzvlükdən çıxacaq.  

“Mənim nəyimə lazımdır ora hər il müəyyən üzvlük haqqı ödəyim, amma o, qəbul etdiyi qərarı yerinə yetirməsin? O zaman təşkilat mənim nəyimə lazımdır? Sərhədlərimizin tanınması, ərazi bütövlüyümüzün qorunması ilə bağlı qətnamələri niyə icra etmirsiniz?” 

Beynəlxalq qurumların nümayəndələrinə səslənən baş nazirin müavini onları deyilən həqiqətlərdən inciməməyə çağırıb. Əli Həsənov onu da vurğulayıb ki, bu gün Ermənistan heç kimə lazım deyil. 

Müəllif | Apa.Tv