Əli Həsənov: "Azərbaycanda 150 min qız məcburi köçkün kimi doğulub "

Bu gün Bakıda “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı başlayıb. APA TV-nin xəbərinə görə, UNESCO-nun dəstəyi ilə keçirilən üç günlük konfransda Avropa, Asiya, Amerikanın 15-dən çox ölkəsindən 30-dan çox Ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlər iştirak edir. Tədbirdə Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, hər il Bakıda ənənəvi olaraq, keçirilən konfransın məqsədi qadınlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, insan hüquqlarının qorunması sahəsində əldə olunmuş təcrübənin bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir.

 

“Qadın hüquqlarının tam təmin olunmasında hələ də problemlər qalmaqdadır. Qadınlara qarşı məişət zorakılığı, iqtisadi, siyasi sferada qadınların az yer tutması kimi vacib məsələlərdəndir. Konfrans bu sahədə qarşılıqlı fikir mübadiləsinin aparılması beynəlxalq əməkdaşlığın inkişafına öz töhfələrinə verəcək”.
 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, son 20 ildə 150 min qız uşağı dünyaya məcburi köçkün kimi göz açıb. Qadınların hüquqlarının qorunmasına dair beynəlxalq konvensiyalar qəbul olunubsa, hansı səbəbdən bu 150 min qadının hüququ tapdanır. Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, sülhün, təhlükəsizliyin, insanların təhlükəsiz yaşaması üçün insan hüquqlarının öyrənilməsi, təbliği və qorunması əsasdır. İyunun 20-dək davam edəcək konfransın yekununda “Bakı Bəyannaməsi” qəbul ediləcək.

 

Müəllif | Apa.Tv