Qüdrət Həsənquliyevdən erməni deputata cavab: "Siz özünüzü qalib sayırsınız, amma..."

Bakıda keçirilən NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarının sonuncu iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasın Əfqanıstanla bağlı hissəsində çıxış edən Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib ki, Dağlıq Qarabağda narkotraffiklə bağlı yoxlamalar aparılmalıdır.

 

"Əfqanıstanda Taliban hakimiyyəti vəziyyətdən istifadə edib nəzarətsiz ərazi kimi orada narkotik əkib satmaqla məşğuldur. Bu gün Dağlıq Qarabağda olan rəhbərlik də, Ermənistan rəhbərliyi də məhz nəzarətsiz ərazilərdə, Azərbaycanın işğal olunan ərazilərində narkotik əkir öz var dövlətlərin artırır".

 

Daha sonra çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyan Azərbaycanı məğlub ölkə adlandırıb və rəsmi Bakını Dağlıq Qarabağ separatçıları ilə danışıqlar aparmağa çağırıb. Bu çıxışa Azərbaycan tərəfindən cavab çox sərt olub.

 

"Siz özünüzü qalib sayırsız amma Ermənistanın gələcəyini uduzmusunuz. Ermənistandan hər il 70 min insan ölkəni tərk edib gedir. Ölkə səfalət içərisindədir. Siz deyirsiniz ki, Dağlıq Qarabağdakı ermənilər öz müqəddəratını həll ediblər. Amma Ermənistanın özündə ermənilərin özü müqəddəratını təyin etmək hüququndan məhrum edilib, onları Rusiyanın əyalətinə çevirmisiz".

 

Tədbirə Nizami Gəncəvinin əsərindən parçalarla yekun vurulub. Əfqanıstanın Strateji Araşdırmalar İnstitutunun direktoru Davud Moradian Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərindən fars dilində parça səsləndirməklə dünyanı eşqə, məhəbbətə və sülhə səsləyib. Daha sonra çıxış edən NATO PA-nın prezidenti Hu Beylin deyib ki, üç gündə müzakirələr açıq şəkildə aparıldı. Bu müddətdə dialoqun çətin olduğunu bir daha gördük. Müharibə şəraitində olan ölkələrin təmsilçiləri arasında dialoqun baş tutması çətindir. Lakin dialoq çətin olanda daha dəyərli olur. Qeyd edək ki, növbəti seminar Ermənistanda keçiriləcək.
 

Müəllif | Apa.Tv