Şamaxıda 6 otaqlı ev külə döndü, bir ailə evsiz qaldı

Şamaxıda yaşayış evi yanıb. APA TV-nin məlumatına görə, hadisə şəhərin Qurban Namazəliyev küçəsindəki 9 nömrəli evdə qeydə alınıb. Şəhər sakini Əntiqə Malayevaya məxsus ümumi sahəsi 360 kvmetr olan evdə baş verən güclü yanğın hadisəsi qısa vaxtda genişlənərək böyük ərazini əhatə edib. Hadisə zamanı evdəki əşyalar, o cümlədən ev sahibinin qızıl-zinət əşyaları yanaraq külə dönüb.

 

Ev sahibinin sözlərinə görə elektirik naqilində baş verən qısaqapanma nəticəsində mənzil tüstüləməyə başlayıb və bir anda alovlanıb. İkimərtəbəli 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı iki mərtəbəli evin 4 otağı yanıb. Yanğınsöndürənlər alovun qarşısı alıb və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, dəqiq məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov