Məmmədyarov Lavrovla Bakıda nədən danışıb?

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub".

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu deyib: "Görüşdə status-kvonun aradan qaldırlmasının vacibliyi vurğulanıb. Hər 3 həmsədr ölkənin prezidentləri də bunu qəbuledilməz hesab ediblər. Biz bu gün münaqişə ilə bağlı hazıkı vəziyyəti ölü nöqtədən necə çıxarmağın yollarını müzakirə etdik".

 

O, Fransa prezidenti Fransua Olandın münaqişə tərəflərinin prezidentlərinin görüşünü təşkil etməklə bağlı təklifinə münasibət bildirərək görüşün təşkili barədə daha konkret təklif gözlədiklərini əlavə edib. 

 

Sergey Lavrov ötən ilin payızında Azərbaycan və Ermənistan prezidentləri arasında Vyanada baş tutmuş görüşü alqışladıqlarını deyib: "Vəziyyətin irəliləməsi üçün atılmalı praktik addımları nə qədər tez razılaşdırsaq,  bir o qədər həm Azərbaycan, həm Ermənistan, həm də Qafqaz regionu üçün yaxşı olacaq.

 

Larov Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı maraq və bərabər hüquqluluq prinsiplərinə əsasən qurulduğunu deyib.

 

Görüşdə Ukrayna məsələsinə də toxunulub. Rusiyalı nazir bildirib ki, bu ölkədə faciəvi hadisələr baş verir, insanlar ölür. Onun sözlərinə görə, bu, atəşin dayandırılması üçün bir siqnaldır və onu göstərir ki, danışıqlar Cenevrə görüşünün qərarları və ATƏT-in təklif etdiyi yol xəritəsi əsasında davam etdirilməlidir. 

Müəllif | Apa.Tv