İŞİD müftüsündən iyrənc fətva: "O qadınlar əsgərlərə halaldır"

 

İŞİD terror təşkilatının müftisi yeni fətva verib. Bunu Anadolu Agentliyinə açıqlamasında Cəlal Talabani'nin lideri olduğu Kürdistan Yurtsevərlər Birliyinin Mosul nümayəndəsi Halo Pençivini deyib. Fətvaya əsasən, Maliki üçün döyüşən bütün hərbçi və polislərin arvad və qızları İŞİD silahlıları üçün halaldır.

Halo Pençivini əlavə edib ki, fətva nəticəsində yüzlərlə qadın və gənc qız zərər görəcək. Bu fətvanı həyata keçirməyən bir çox sünni imamın güllələndiyi xəbəri yayılıb.

Halo Pençivini həmçinin peşmərgənin ələ keçirdiyi bölgələrdən heç bir zaman çıxmayacağını bildirib.

APA TV-nin xəbərinə görə, İŞİD silahlılarına qarşı İraq Kürdistan bölgəsində peşmərgələrə qoşulmaq üçün kampaniya başlanıb. Buna səbəb İŞİD-in İraqın mərkəzinə doğru irəliləməsi və nəzarət etdiyi əraziləri genişləndirməsi olub. Erbildə iki gün ərzində 1000-ə qədər adam qoşulub. Onların əksəriyyəti gənclərdir. Kampaniya Süleymaniyədə də aparılır.

Son xəbərlərə görə, İŞİD-in növbəti hədəfi İraqın ən böyük neft istehsalı mərkəzi olan Beycidir. Silahlılar bu gün səhərdən Beyciyə hücuma keçib. Türkiyə mətbuatının əldə etdiyi məlumatlara görə, Beyci də terrorçuların nəzarətinə keçib. Terrorçular öz bayraqlarını dövlət binalarına asıblar.

İraq ordusu İŞİD silahlılarına havadan hücum edir. Qedy olunur ki, Beycidə işləyən əcnəbilər dünəndən təxliyə olunub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı