Sergey Lavrov: "Ermənistan Avrasiya İttifaqına indiki sərhədlər çərçivəsində qəbul ediləcək"

“Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb”.

APA TV-nin xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, hər iki ölkənin rəhbərliyi arasında keçirilən görüşlərdə bu məsələ müzakirə edilib və təşkilat Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşır. O, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti olmadığını bildirib: "Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Belarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub".

 

O qeyd edib ki, Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək.

 

Müəllif | Apa.Tv