Üç dayısını yandırıb öldürən gəncin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 dayısını evin içərisində yandırıb öldürən Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA TV-nin xəbərinə görə, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları - 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb. APA TV-nin məlumatına görə, araşdırmalar zamanı hadisəyə 23 yaşlı Əsgəralı Abbasovun dayıları arasında şəxsi münasibətlər zəminində baş verən münaqişənin səbəb olduğu müəyyənləşib.   Polis tərəfindən saxlanılan Əsgəralı Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. 

Müəllif | Apa.Tv