Hollandiya millisi qələbəni avstraliyalılardan qopardı

Futbol üzrə Hollandiya millisi Braziliyada keçirilən dünya çempionatında Avstraliya yığmasını məğlub edə bilib. B qrupunun ikinci turunun qarşılaşması hollandların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda hesabı Hollandiya millisi açıb. Aryen Robben 20-ci dəqiqədə gözəl qolla komandasını hesabda irəli çıxarıb:

 

 

Hollandların sevinci, avtraliyalıların isə üzüntüsü cəmi bir neçə saniyə çəkib. Tim Kehill 21-ci dəqiqədə hesabı bərabərləşdirib. Onun da qolu gözəlliyinə görə seçilib:

 

 

Komandalar fasiləyə heç-heçə ilə yollanıblar.

 

Qarşılaşmanın ikinci hissəsi daha maraqlı və həyəcanlı keçib. 54-cü dəqiqədə hakim Hollandiya millisinin qapısına penalti təyin edib. İndidən demək olar ki, hakimin bu qərarı bir müddət müzakirə mövzusu olacaq. Hollandların etirazları heç bir fayda verməyib və penaltini Mile Yedinak yerinə yetirib:

 

 

Hesabda geri qalan Hollandiya millisi təzyiqi artırıb və cəmi dörd dəqiqə sonra hesabı bərabərləşdirməyə nail olub. Robin van Persi Hollandiya millisinin bərabərlik qolunu vurub. Hollandlara qələbəni Memfis Depeyin 68-ci dəqiqədə vurduğu qol gətirib:

 

 

Van Persi və Tim Kehillin bu oyunda aldığı sarı kartlar sayca ikinci olub və hər iki oyunçu qrup mərhələsinin son oyununu buraxmalı olacaq.

 

İkinci qələbəsini qazanan Hollandiya millisi 6 xal toplayıb və B qrupuna başçılıq edir. Avstraliya yığmasının ümumiyyətlə xalı yoxdur. İyunun 23-də keçiriləcək son turda hollandlar Çili millisi, avstraliyalılar isə İspaniya yığması ilə qarşılaşacaq.

 

Müəllif | Apa.Tv