Xorvatiya millisindən “qol şousu”

Xorvatiya millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Kamerun yığmasını darmadağın edib və rəqibin 1/8 final mərhələsinə çıxmaq şanslarının üstündən xətt çəkib.

 

A qrupunun qarşılaşması xorvatların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda hesabı 11-ci dəqiqədə "Volfsburq"un hücumçusu İviça Oliç açıb.

 

40-cı dəqiqədə kamerunlu Sonq yersiz hərəkəti ilə komandasını azlıqda qoyub. O, topsuz mübarizədə xorvat futbolçu Mancukiçə arxadan zərbə endirib. Bu, hakimin gözündən yayınmayıb və o, Sonqa birbaşa qırmızı vərəqə göstərib.

 

Birinci hissə Xorvatiya millisinin 1 qolluq üstünlüyü ilə başa çatıb.

 

İkinci hissənin əvvəlində xovatiyalı futbolçu Perişiç komandasının üstünlüyünü iki topa çatdırıb.

 

61-ci dəqiqədə Mancukiç hesab arasındakı fərqi artırıb. O, bundan 13 dəqiqə sonra dubla imza atıb

 

Beləliklə, Kamerun millisinin dünya çempionatında heç bir iddiası qalmır.  Sonuncu tur ərəfəsində Braziliya və Meksika millilərinin 4, xorvatların 3 xalı var. Kamerunlular xalsızdır.  Yəni, sonuncu turun nəticəsindən asılı olmayaraq, Kamerun millisi pley-off mərhələsinə vəsiqə verən ilk iki yerdən birini tuta bilməyəcək. Xorvatlar isə mübarizəni davam etdirmək üçün növbəti turda Meksika millisini mütləq məğlub etməlidir.

 

Müəllif | Apa.Tv