"VAZ-2107" piyadanı vurub qaçdı

Ağdamda naməlum avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

Hadisə iyunun 18-dən 19-na keçən gecə saat 24 radələrində rayonun İmamqulubəyli kəndində baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yolu keçmək istəyən şəxsi yüksək sürətlə vuran sürücü, yaralını köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçıb. Yerli sakinlər tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı İmamqulubəyli kənd sakini, 59 yaşlı Bəyəndik Gözəlovdur. Kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ciddi xəsarətlər alan Bəyəndik Gözəlova ilkin tibbi yardım göstərildikdən sonra, o, Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Şahidlərin sözlərinə görə, hadisəni "VAZ-2107" markalı minik maşını törədib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv