Azərbaycan prezidenti: “Rusiya-Azərbaycan münasibətləri strateji xarakter daşıyır”

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Sergey Lavrovun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib. Dövlət başçısı iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb, Azərbaycanla Rusiyanın bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini söyləyib. Xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin səmimi salamlarını prezident İlham Əliyevə çatdırıb. O, Rusiya dövləti başçısının ölkəmizə ötən ilki səfərini və səfər zamanı keçirilən görüşləri məmnunluqla xatırladığını deyib və bildirib ki, Azərbaycanla Rusiya regional və beynəlxalq səviyyədə uğurla əməkdaşlıq edir və xarici işlər nazirlərinin bugünkü görüşündə də bu barədə müzakirələr aparılıb. Rusiyalı nazir bildirib ki, müzakirələr zamanı Xəzəryanı ölkələrin qarşıdakı sammiti, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilki görüşü, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçkilərində Azərbaycanın namizədliyini dəstəklədiyinə görə bir daha Rusiya tərəfinə təşəkkürünü bildirib və Azərbaycanın bu quruma sədrlik etdiyi iki il ərzində ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini məmnunluqla qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv