Orxan Zeynalovun məhkəməsində vəkillər vaxt istədilər

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası bu gün davam etdirilib. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə məhkəmə baxışının iyunun 30-na təyin olunması barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, məhkəmənin hazırlıq iclası dünən başlayıb. Prosesdə Orxan Zeynalov barəsində seçilən həbs-qətimkan tədbirinin noyabrın 30-dək uzadılması barədə qərar qəbul edildiyi elan olunub. Dünən prosesdə təqsirləndirilən şəxsin yeni təyin olunan azərbaycanlı vəkili Abbasmirzə Abdullayev cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istədiyi bildirilib. Ona görə də proses bu günədək təxirə salınmışdı.

 

Orxan Zeynalov Moskva Şəhər Məhkəməsində keçirilən prosesə əllərində xüsusi təlim görmüş itlər olan nəzarətçilərin müşayiəti ilə gətirilib. Məhkəmə binası ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb. Media nümayəndələrinə ancaq məhkəmə başlanan zaman görüntülər çəkməyə imkan yaradılıb. Proses qapalı keçirilib.

Müəllif | Apa.Tv
Fərid Əkbərov