Şəmsəddin Kuzəçi: “Türkmən mahalları İŞİD-in əlinə keçsə, İraq üç yerə parçalanacaq”


"İraqda yaşanan terror hadisələri son vaxtların faktı deyil. Son beş ildə İraqda terror qruplaşmaları meydana çıxıb və din adı altında dinc, günahsız insanları qətlə yetirirlər. Hazırda bu bölgədə vəziyyət böhran həddinə çatıb. Artıq əhali arasında parçalanma yaranıb. Bəzilər mərkəzi hakimiyyəti, bəziləri başqa-başqa qruplaşmaları dəstəkləyir. Hazırda bir neçə türkmən mahalı var ki, onlar İŞİD-in nəzarəti altına keçsə, İraq faktiki olaraq üç yerə parçalanacaq”. Bu fikirləri kərküklü jurnalist, şair Şəmsəddin Küzəçi son günlər İraqın şimalında baş verən hadisələrlə bağlı mətbuat konfransında söyləyib.

"İraqda türkmənlərin sayı 3 milyon nəfərdir. Telaferdə, Ərbildə, Kərkükdə , Diyalədə və Bağdadda türkmənlər yaşayır. Say etibarı ilə daha çox Kərkükdə yaşayırlar. Biz uzun illərdir ana dilimizdə təhsil almadan belə dilimizi, adət-ənənələrimizi, ədəbiyyatımızı, incəsənətimizi, folklorumuzu qoruduq".

Şəmsəddin Kuzəçi yaranmış vəziyyətlə bağlı Türkiyənin mövqeyinə də toxunub: “Türkmənləri müdafiə etməyə ən çox haqqı çatan dövlət Türkiyədir. Türkmənlər hər zaman Türkiyənin dəstəyini hiss ediblər. Amma təəssüf ki, son hadisələrdə biz bu dəstəyi görmədik. İraqda üç milyondan artıq türkmən yaşayır və onların taleyi sual altındadır”.

O, yaranmış vəziyyətlə bağlı Azərbaycanın media və mətbuat vasitəsi ilə dəstəyinə ehtiyac olduğunu diqqətə çatdırıb: “Azərbaycandan gözləntilərimiz yalnız mənəvi dəstək, medianın bu məsələləri gündəmdə saxlaması ola bilər”.

 

Müəllif | Apa.Tv
Apa.tv