Masallının ən böyük qəsəbəsinin taxıl sahələri yandı

Bu gün Masallı rayonunda taxıl zəmilərində iki yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosuna verilən məlumata görə, hər iki hadisə  rayonunun Ərkivan qəsəbəsində qeydə alınıb. Yerli bələdiyyəyə məxsus biçilmiş sahədə baş verən yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Nəticədə güclü alov dalğasının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı 6 hektar biçilmiş taxıl sahəsinin 1 hektarı yanıb. Digər yanğının söndürülməsindən ötrü isə hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsindən üç yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların müdaxiləsi ilə yanğın lokallaşdırılmaqla ərazi dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, 35 hektarlıq biçilmiş taxıl sahəsinin 7 hektarı yanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv