Natiq Paşa: “Qafqaz Universiteti bağlanmayıb”
“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin almış olduğu qərar bu mərkəzə aid olan ümumtəhsil məktəblərinin və “Araz” kurslarının bağlanmasına dair qərardır. Amma Qafqaz Universiteti ilə bağlı hər hansı qərar yoxdur. Universitet fəaliyyətini dünən olduğu kimi, bu gün də davam etdirir”.
APA TV-nin xəbərinə görə, bu fikirləri Qafqaz Universitetinin prorektoru Natiq Paşa deyib. Onun sözlərinə görə, təsisçilərin qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanır və bununla bağlı Təhsil Nazirliyinə müraciət edilib. Qərar eyni zamanda “Araz” kurslarını da əhatə edir. Lisey və kursların bağlanmasına səbəb əlavə xərclərin qarşısının alınmasıdır.
Natiq Paşa deyib ki, Azərbaycanda və dünyada olan adı türk məktəbləri deyə adlandırılan məktəblərin hər biri Fətulla Gülənin təşfiqləri ilə və elm adına açılan müəssisələrdir: “Amma bu təhsil müəssisələrinin onunla birbaşa əlaqəsi yoxdur. Universitetin bağlanmasına görə tərəddüdü olanlar var. Bunlar daha çox bu ilki abuturiyentlər və hal-hazırda oxuyan tələbələrdir. Mətbuatda gedən yazılar bir çox ailələrin təşvişinə səbəb olur. Amma bununla belə deyə bilərəm ki, universitetə bu il daha artıq qəbul planı verilib. Həmçinin dövlət sifarişinin çəkisi bir daha artıb. Keçən il 802 qəbul planından 360-ı dövlət sifarişli, qalanı ödənişli əsaslarla idi. Bu il qəbul planı 930-a çıxarılıb və bunun 530-u dövlət sifarişli qəbuldur”.