Vəkil Viktor Anikuşkin: "Şerbakov Orxan Zeynalovu milli zəmində təhqir edib"
"Orxan Zeynalovun qətli törətməsinə səbəb onu mərhum Yeqor Şerbakovun milli zəmində təhqir etməsi olub".
Bunu APA TV-nin Moskva müxbirinə Rusiya paytaxtında qətldə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun hüquqlarını müdafiə edən vəkil Viktor Anikuşkin bildirib. Onun sözlərinə görə, əvvəldən bu cinayət işinin istintaqı obyektiv aparılmayıb: " Qətlin nə səbəbdən törədildiyi və burda kimin təxribata çəkildiyini istintaq ortaya çıxarmayıb. Mübahisənin kim tərəfindən başlanması məlum deyil. Hadisənin yeganə şahidi Kseniya Popovadır. Müdafiə tərəfi hesab edir ki, mübahisə millətlərarası mübahisə zəminində baş verib. Yeqor Şerbakov müdafiəm altında olan Orxan Zeynalova qarşı kobud ifadə işlədib. Orxan Zeynalov isə bildiyiniz kimi, qafqazlıdır və çılğındır. Ona görə də bu hadisə baş verib. Əlbəttə ki, bu amil onun cinayət hadisəsini törətməsinə haqq qazandırmır. Lakin istintaq tərəfi bu amili nəzərə almalı idi. Ona qarşı irəli sürülən maddə çox ağırdır. İstintaq tərəfi hadisənin ictimai rezonans doğurduğunu nəzərə alaraq bu ağır maddəni Orxan Zeynalova qarşı irəli sürüb".
Vəkil Orxan Zeynalovun 1 aydan çoxdur ki, karserdə saxlanıldığını bildirib.
Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Orxan Zeynalovun hüquqlarının müdafiə edilməsi üçün tutulduğunu söyləyən vəkil Abbasmirzə Abdullayev isə əvvəlcədən müdafiə ilə bağlı nəsə söyləməyin çətin olduğunu bildirib.